Xəzər dənizində silahlanma böyüyür

Hansı ölkə nə alıb? Xəzəryanı ölkələr son 4 ildə öz Hərbi Dəniz Qüvvələrini gücləndirməyə başlayıb. “AzeriDefence”nin məlumatına görə, son 5 ildə Rusiya, İran və Azərbaycan Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsini modernləşdirib və döyüş sıralarına yeni gəmilər daxil edib, Qazaxıstan və Türkmənistan isə HDQ-nin yaradılmasına başlayıb, yeni gəmilər alıb və ya tikintisinə başlayıb.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) açıqladığı hesabatda yer alan məlumatlara görə, 2008-ci ildən başlayaraq Qazaxıstan, Türkmənistan və Azərbaycan dəniz donanmasının gücləndirilməsi istiqamətində xaricdən müxtəlif gəmilər, raket sistemləri və ya digər müdafiə təyinatlı məhsullar alıb.

2015-ci ilədək Xəzərdə ən müasir avadanlıqlarla təchiz olunmuş HDQ yaratmağı hədəf olaraq qarşıya qoymuş Qazaxıstan 2008-ci ildə Rusiyaya 4 ədəd 20970 layihəli “Katran” tipli kiçik artilleriya-raket kateri sifariş verib. Bu katerlərdə qurulmaq üçün isə Almaniyanın MTU şirkətindən 8 ədəd (hər katerdə 2 mühərrik qurulacaq) MTU-4000 tipli dizel mühərriki satın alıb. Sifariş verilmiş 4 katerin 2012-ci il ərzində silahlanmaya qəbul edilməsi nəzərdə tutulur.

Qazaxıstan bu katerlərin silahlanmasında istifadə edilmək üçün yenə Rusiyadan 60 ədəd gəmi əleyhinə tətbiq olunan “Uran” raketi satın alıb. Bu raket 130 km məsafədən hədəflərə qarşı tətbiq oluna bilir. Kater “Pozitiv M-31.2” radiolokasiya stansiyası, MP-123-02 “Bagira” artilleriya qurğusuna malik olacaq.

Qazaxıstan həmçinin Rusiyaya 2009-cu ildə 3 ədəd 22180 layihəli “Tornado” tipli patrul kateri sifariş verib və katerlərin çatdırılması artıq başa çatıb. Qazaxıstan HDQ-də bu katerlər “Sərdar” adlanır.

2008-ci ildən ABŞ və Türkiyənin yardımı, eləcə də daxili imkanlar hesabına HDQ –ni və Sahil Mühafizəsini modernləşdirən Azərbaycan İsraildən açıqlanmayan sayda gəmi əleyhinə “Gabriel-5” qanadlı raketləri, dəniz və hava hədəflərinə qarşı hazırlanmış 1 ədəd “Barak-8” sistemi və 75 ədəd “Barak-8” raketi satın alıb.

Türkmənistan isə 2008-ci ildə Rusiyaya 2 ədəd 12418 layihəli “Tarantul” tipli raket kateri sifariş verib və bu katerlər 2010-2011-ci illərdə sifarişçiyə çatdırılıb. “Tarantul” kateri üçün Ukraynadan bu dövrdə 4 ədəd DR-76 və 4 ədəd DR-77 qaz trubini də əldə edilib. Aşqabad bu katerlərin silahlandırılması üçün Rusiyaya həmçinin 60 ədəd gəmi əleyhinə “Uran” raketi sifariş verib və bu raketlərin 30-u keçən il Türkmənistanda silahlanmaya daxil edilib.

Türkmənistan Türkiyənin “Dearsan” şirkəti ilə 2010-cu ildə 2 ədəd Yeni Tip Gözətçi Gəmisinin tikintisinə dair müqavilə bağlayıb. Hər birinin dəyəri 55 milyon avro olan iki gəmi hazırda Türkmənistanda inşa olunur və bu il HDQ-nin döyüş sıralarına daxil ediləcək. Bu gəmilər üçün ötən il Aşqabad İtaliyanın “Oto Melara” şirkətin 2 ədəd 40L70 “Compact” topu, Almaniyadan mühərrik satın alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş