Yavər Camalov: “Azərbaycanın müdafiə sənayesi modern standartlara cavab verir”

Azərbaycanın müdafiə sənayesi ən müasir və modern standartlara tam cavab verir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov 17 dekabr müdafiə sənayesi işçilərinin peşə bayramı münasibəti ilə “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi ənayenin digər sahələri ilə yanaşı, müdafiə sənayesinin də sürətli inkişafına təkan verəcək.

“Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan hərbi təyinatlı məhsulların çeşidi artırılıb, Azərbaycan Silahlı Qüvvələrinin müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb. 2006-2015-ci illərdə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində nazirliyin müəssisələrində 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Son 10 ildə 25 texnoloji xət və avadanlıq dəsti, yaradılmış istehsal sahələrinin avadanlıq parkının dəstləşdirmək məqsədilə 150-si proqram təminatlı olmaqla 1750-dən çox müxtəlif təyinatlı dəzgah, cihaz, alət və tərtibat alınıb quraşdırılıb. Ölkə başçısı İlham Əliyevin sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müasir növ atıcı silahlar, döyüş sursatları, mühəndis texniki vasitələri və s. müdafiə təyinatlı məmulatlar istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib”, – deyə nazir vurğulayıb.

Y.Camalovun sözlərinə görə, 2015-ci ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələrində yaradılma üzrə nəzərdə tutulan 81 mövzunu və 143 mərhələni əhatə edən təcrübi-konstruktor işləri uğurla davam etdirilir. Hal-hazıradək 11 məmulat üzrə işlər tam başa çatdırılıb. Gecəgörmə cihazının, kompaslı prizmatik binoklların, mina üçün atəş yığımının, qumbaraatan üçün atəş yığımlarının, müxtəlif tipli mina partladıcılarının yaradılması işləri başa çatdırılaraq seriyalı istehsalı təmin edilib. NATO standartlarına uyğun xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, avtomatik topun, xüsusi təyinatlı hücum pulemyotunun və s. məmulatların təcrübi-konstruktor işləri davam etdirilir.

Nazirliyin fəaliyyəti dövründə ümumilikdə 1000 addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilib.

“Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif mm-lik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə dayanıqlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar. Ümumilikdə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2006-cı ilə nisbətən 2015-ci ilin ilkin yekunlarına görə 210 dəfədən çox artıb. Ümumi məhsul istehsalının tərkibində müdafiə və xüsusi təyinatlı məmulatların həcminin xüsusi çəkisi 2006-cı illə müqayisədə 47 faiz artaraq 86 faiz təşkil edib”.

Utilizasiya mərkəzində quraşdırılmış xüsusi avadanlıq və cihazlar vasitəsilə istifadəyə yararsız bütün növ döyüş sursatlarının utilizasiyası həyata keçirilir. Ötən müddətdə 18 min 200 ədəd müdafiə təyinatlı məmulatların təmiri işləri aparılıb, 7 milyon 188 min ədəd məmulatın isə utilizasiya işləri yerinə yetirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş