Yavər Camalov: MSN istehsalı olan müdafiə təyinatlı məmulatların həcmi 1,6 dəfə artıb

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal edilən müdafiə təyinatlı məmulatların həcmində 1,6 dəfə, çeşid sayında isə 1,8 dəfə artım olub.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb.

Nazir qeyd edib ki, 2016-cı ildə ötən illərdən icrasına başlanılmış tikinti işləri başa çatdırılmış və istismara verilməsi nəzərdə tutulan 7 istehsalat müəssisəsində kompleks tamamlanma işlərinin yaxın zamanlarda başa çatdırılması planlaşdırılır. Qeyd olunan istehsal müəssisələri lazım olan müasir texnoloji avadanlıqlarla təchiz edilmiş və eləcə də inkişaf etmiş ölkələrin şirkət və firmalarından alınmış dəzgah, xüsusi cihaz və alətlərlə komplektləşdirilib.

Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən verilmiş sifarişə uyğun olaraq müdafiə təyinatlı məmulatların istehsalı, təmiri və utilizasiyası üzrə müqavilələr bağlanıb. Cari ilin 11 ayının yekunlarına görə, respublikanın güc strukturlarına ümumilikdə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə, çeşid sayında isə 1,8 dəfə artım olub.

Cari ildə ilk dəfə seriyalı istehsalına başlanılmış məhsullar sırasında xüsusi təyinatlı “Yalquzaq” snayper tüfəngi, 40 mm-lik tank əleyhinə əl qumbaraatanı üçün PG-7V tipli qumbara, 6 və 24 yerli UST-56 tipli cadır, M-6 və M-12 tipli mina partladıcılar və s. var.

Bu il ümumi məhsul istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artım əldə olunub. İstehsal olunan məhsulun 85 faizini müdafiə və xüsusi, 15 faizini isə mülki təyinatlı məhsul təşkil edir.

00001

KATEQORIYA:
Bu xəbəri paylaş