Yavər Camalov Şirvan şəhərində vətəndaşlarla görüşüb

Fevralın 10-da müdafiə sənayesi naziri Yavər Camalov prezident İlham Əliyevin “Azərbaycan Respublikasında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tövsiyyələrə əsasən Şirvan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, sahibkarların və rayon ziyalılarının iştirak ilə keçirilən görüşdə əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, dinamik iqtisadi inkişaf və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr müzakirə olunub.

Çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov prezident İlham Əliyevin regionların hərtərəfli inkişafına diqqət və qayğısı nəticəsində Şirvan şəhərində mühüm nailiyyətlərin əldə edildiyini və qazanılan uğurların ötən il də davam etdirildiyini vurğulayıb. İcra başçısı bildirib ki, digər bölgələr kimi Şirvanda da sənayenin, sahibkarlığın inkişafı üçün mühüm işlər aparılıb, sosial məsələlərin həlli, məşğulluq imkanlarının artırılması üçün tədbirlər həyata keçirilib.

Görüşdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov respublikada qısa müddət ərzində əldə edilən uğulardan danışıb.

Yavər Camalov qeyd edib ki, hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyən edilməsidir: “Əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatının bütün sahələrində əldə etdiyi uğurlar konkret məqsədlərə yönəlmiş çevik iqtisadi siyasətin nəticəsidir”.

Nazir bildirib ki, son illər respublikada sürətli inkişafı nəticəsində güclü iqtisadi və hərbi potensial formalaşıb: “Prezident İlham Əliyevin müstəqillik dövründə həyata keçirdiyi mühüm tədbirlərdən biri də, ölkənin müdafiəsini təmin edən ordunun hərbi-texniki bazasının gücləndirilməsi və kənardan asılılığın azaldılması məqsədilə Müdafiə Sənayesi Nazirliyinin yaradılması və inkişafı olub. Nazirliyin qarşısında qoyulmuş əsas məqsəd müəssisələrdə bərpa və yenidənqurma işlərinin aparılması, müasir növ silah, döyüş sursatlarının istehsalının mənimsənilməsi və onların seriyalı istehsalını təmin etmək üçün yeni istehsal sahələrinin yaradılmasıdır. Qısa müddət ərzində MSN-in müəssisələrində 50-dən çox yeni istehsal sahələri yaradılıb və istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 1070-i ötüb”.

Y. Camalov Şirvan şəhərində yerləşən “Telemexanika” və “Araz” zavodlarının 10-12 il bundan əvvəlki vəziyyətini görüş iştirakçılarına xatırladaraq bildirib ki, həmin zavodlar Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verildikdən sonra orada bərpa və yenidənqurma işləri aparılıb. Qısa müddət ərzində müəssisələrdə yeni istehsal sahələri yaradılıb və həmin sahələrdə müxtəlif növ müdafiə təyinatlı məmulatlar istehsal edərək Silahlı Qüvvələr döyüş sursatları ilə təmin edilib: “Bu günədək həmin müəssisələrdə 15 yeni istehsal sahələri yaradılıb və yaxın illərdə onların sayı artacaq. Yaradılmış istehsal sahələri hesabına bu gün “Telemexanika” zavodunda işləyənlərin orta siyahı sayı 517 nəfər, “Araz” zavodunda isə 193 nəfər təşkil edir. Zavodlarda orta aylıq əməkhaqqı 520 manat səviyyəsindədir”.

Nazir dünyada baş verən iqtisadi böhrana toxunaraq qeyd edib ki, son illər baş verən bu prosseslər Azərbaycana da təsirsiz ötüşməyib. Dünya bazarında neftin qiymətinin və Azərbaycanın milli valyutası olan manatın məzənnəsinin aşagı düşməsi ilə nəticələnib. Y. Camalov 2008-2009-cu ildə iqtisadi böhran zamanı dünyanın əksər ölkələrində ciddi problemlər müşahidə olunduğu halda, Azərbaycanın daha da inkişaf etdiyini, qarşıya qoyulmuş bütün vəzifələrin icra olunduğunu diqqətə çatdırıb.

Nazir ölkə başçısı İlham Əliyevin gedən proseslərə biganə qalmadığını, Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında və eləcə də, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransında ölkədə idisadi, sosial məsələlərin həlli ilə bağlı görülmüş işlər və həyata keçiriləcək tədbirlərlə bağlı səsləndirdiyi fikirləri bir daha görüş iştirakçılarına xatırladıb. Y. Camalov bildirib ki, Şirvan şəhərinin rəhbərliyi və şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, eyni zamanda fəallar şəhərin sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, biznes mühitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsı və s. istiqamətlərdə tədbirlər görməlidirlər.

Görüş zamanı nazir Yavər Camalov vətəndaşların müraciətlərini dinləyib. Onlardan 30 nəfərin Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən müəssisələrində, 20 nəfərin isə digər müəssisələrdə işlə təmin edilmələrinə dair göstərişlər verib.

Tədbirdə iştirak edən Milli Məclisinin deputatı Rafael Cəbrayılov prezident İlham Əliyevin verdiyi tapşırıqların digər bölgələrlə yanaşı Şirvanın da inkişafına böyük imkanlar yaratdığını söyləyib.

Görüşdə bir sıra təkliflər səsləndirilib, qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, bəziləri ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş