Yeni hərbi şəhərcik kompleksinin açılışı olub

Yeni hərbi şəhərcik kompleksinin açılışı olub

Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən yeni inşa edilən hərbi hissənin açılışı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib.

Hərbi şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş yeni binanın açılış mərasimi olub.

Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı nəticəsində son illərdə planlı şəkildə hərbi qulluqçuların daimi və xidməti mənzillərlə təmin olunduğunu bildirən Müdafiə naziri bu işlərin davamlı olacağını diqqətə çatdırıb.

Nazir bildirib ki, cari ildə müxtəlif bölgələrdə, xüsusilə cəbhəboyu zonada yerləşən bir sıra hərbi hissədə 250-dən artıq xidməti mənzil istifadəyə verilib. Bu ilin sonunadək isə daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır.

Mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi yaradılan şəraitlə tanış olub və ailələrin qayğıları ilə maraqlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş