Zakir Həsənov: Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirib

Son zamanlar erməni silahlı qüvvələri cəbhəboyu yerləşən ərazilərdə, kəndlərdə təxribatları artırıb, əhaliyə qarşı iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edir.

“AzeriDefence”in məlumatına görə, bu barədə Prezident yanında Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib. Nazir bildirib ki, son hadisələr göstərir ki, əhali arasında itkilər çoxalıb.

“Bu təxribatların qarşısını almaq üçün əməliyyat şəraitini qiymətləndirərək qərar qəbul olunub ki, erməni silahlı qüvvələrinin atəş nöqtələrinə və artilleriya qurğularına zərbələr endirilsin və onların hərbi birləşmələri bizim kəndlərdən daha uzaq yerə çəkilməyə məcbur edilsin. Bununla yanaşı, ehtimal olunan istiqamətdə erməni silahlı qüvvələrinin ehtiyatlarının hərəkətini də nəzərə alaraq, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyat qrupları 3 istiqamətdə planlı şəkildə tədbirlər həyata keçirib. Əməliyyat şəraitini nəzərə alaraq, Talış və Seysulan kəndləri, bir də Horadiz istiqamətində olan təpələr aparılan döyüş əməliyyatları ilə ələ keçirilib. Bu əməliyyatın əsas məqsədi təxribatların qarşısının alınması və bizim yaşayış məntəqələrinə atəş nöqtələrinin təsirinin azaldılması idi”, – deyə nazir vurğulayıb.

Z.Həsənov qeyd edib ki, əməliyyat vaxtı erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrindən ehtiyatları hərəkətə gətirərək döyüş bölgəsinə yerləşdirmək məqsədilə əməliyyat keçiriblər. Bunun qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətlərdə döyüş tədbirləri həyata keçirib və zərbələr endirib: “Erməni silahlı qüvvələri bu zərbələr nəticəsində həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər verib. Silahlı Qüvvələrimiz əməliyyat şəraitini nəzərə alaraq həmin istiqamətlərdə və yüksəkliklərdə öz mövqelərini möhkəmləndirib. Gün ərzində erməni silahlı qüvvələrinin təxribatlarının qarşısı uğurla alınıb. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qalıb. Bizdə olan məlumata görə, 100-ə yaxın düşmən məhv edilmiş və bir neçə yüz düşmən yaralanıb. Çoxlu sayda zirehli texnika, artilleriya qurğuları sıradan çıxarılıb. Əməliyyat şəraitini və erməni silahlı qüvvələrinin əsas hərbi hissələrinin Madagiz yaşayış məntəqəsində yerləşməsini nəzərə alaraq oraya da zərbələr endirilib. Bir neçə hərbi top hissəsi Madagiz yaşayış məntəqəsindən bizim mövqelərə, bir də yaşayış məntəqələrinə birbaşa zərbələr endirirdilər”.

Nazir onu da əlavə edib ki, bütün əməliyyat şəraiti nəzərə alınmaqla, Azərbaycan Silahlı Qüvvələri tədbirləri davam etdirir, cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayır və gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır.

KATEQORIYA:
Bu xəbəri paylaş