Zakir Həsənov:” Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyətinə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, təbrikdə qeyd olunub ki, 2015-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında ordumuzun maddi-texniki təchizatı gündən-günə güclənərək ən yüksək səviyyəyə qalxıb, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapıb, müasir silah və texnikaların alınması, yüksək ixtisaslı peşəkar kadrların hazırlanması işi uğurla davam etdirilib.

İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi isə daimi mənzillə təmin olunub. Tam şəkildə komplektləşdirilmiş 10 hərbi şəhərcik, yeni təlim poliqonları, inzibati binalar istifadəyə verilib. Bütün hərbi hissələrdə ən müasir tələblərə cavab verəcək yenidənqurma işləri daim davam etdirilir.

“Komanda-qərargah hərbi oyunları, irimiqyaslı təlimlər, ordumuzun güc və qüdrətini bir daha dünyaya nümayiş etdirməklə yanaşı istər xidmətdə olan, istərsə də ehtiyatdan cəlb edilənlərin döyüş təcrübəsi qazanmasında mühüm rol oynayıb. Şəxsi heyətin böyük ruh yüksəkliyi, vətənpərvərlik hissi, döyüş və mənəvi-psixoloji hazırlığı imkan verir ki, Azərbaycan ordusu Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər əzəli və əbədi torpaqlarımızı azad etsin, respublikamızın ərazi bütövlüyü təmin olunsun”, – deyə nazir vurğulayıb.

Müdafiə naziri qeyd edib ki, Azərbaycan-Ermənistan sərhəddində hər gün atəşkəs rejimi pozulur. Azərbaycan Ordusunun mövqeləri intensiv olaraq atəşə tutulur, lakin Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıq və mərdliklə dayanır: “Düşmən layiqli cavab atəşləri ilə susdurulur, işğalçının planlaşdırdığı təxribatlar öncədən aşkarlanır, qabaqlayıcı tədbirlər nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkilərə məruz qalır. Döyüşlərdə şəhid olanların qisası birə on qat alınır və bundan sonra da alınacaqdır”.

Z. Həsənov vurğulayıb ki, hərbi qulluqçuların xidmətləri ölkə rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirilir. Ordu ilə xalqın əlaqələri daha da möhkəmlənir, xalqımız ordusuna inanır, güvənir və arxalanır.

“İnanıram ki, Siz bu etimadı, inamı vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğruldacaq, ölkəmizin təhlükəsizliyinin keşiyində, torpaqlarımızın müdafiəsi naminə Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olacaq və “Qarabağ torpağı erməni işğalçılarının ayağı altında od tutub yanacaqdır” şüarı ilə başlayacağımız yeni 2016-cı ildə xalqımızı qələbə müjdələri ilə sevindirəcəksiniz.
Bayramlar ərəfəsində şəhidlərimizin xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, müharibə və Silahlı Qüvvələr veteranlarını, eyni zamanda, hazırda düşmənlə təmas xəttində, döyüş növbəsində, qarovul xidmətində, xarici dövlətlərdə sülhməramlı qüvvələrin tərkibində xidmət edən şəxsi heyəti ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram. Arzu edirəm ki, 2016-cı il Qarabağın işğaldan azad ediləcəyi və qələbə ili kimi tarixə düşsün!”

KATEQORIYA:
Bu xəbəri paylaş