Zakir Həsənov Əfqanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Oktyabrın 26-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xəlili ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat vrilib.

Müdafiə naziri Azərbaycanla Əfqanıstan arasında münasibətlərin inkişaf etməsində ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edərək hərbi sahədə də ikitərəfli əlaqələrin uğurla davam etdiyi bildirib.

Azərbaycan ilə Əfqanıstanın hər zaman müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəklədiklərini diqqətə çatdıran səfir M.Xəlili Əfqanıstanda həyata keçirilən sülhyaratma missiyasına Azərbaycan hərbçilərinin verdiyi töhfəyə görə minnətdarlığını bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan və Əfqanıstan Müdafiə nazirlikləri arasında Əfqanıstanlı hərbi qulluqçuların Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında sazişin qüvvəyə minməsinin əhəmiyyətini vurğulayan səfir öz ölkəsinin rəhbərliyi və xalqı adından təşəkkürünü çatdırıb.

Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın, xüsusilə hərbi təhsil sahəsində əlaqələrin perspektivləri müzakirə edilib, regional təhlükəsizlik və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş