Zakir Həsənov Gürcüstanda şəhid ailələri və icma üzvləri ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 21-də Tbilisidəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sonra nazir Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki Ağsaqqallar Şurasının rəhbərliyi, eləcə də icma nümayəndələri və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanların valideynləri və yaxınları ilə görüşüb.

Prezident İlham Əliyevin salamlarını Gürcüstan azərbaycanlılarına çatdıran Zakir Həsənov Azərbaycan dövlətinin onlara daim diqqət və qayğı göstərdiyini bildirib.

Z.Həsənov diqqətə çatdırıb ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən oğulları sırasında Gürcüstanda doğulub boya-başa çatan insanlar da var. Onların bir neçəsi orden və medallarla təltif olunub. Onlardan biri – Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Elşən Məmmədov Azərbaycan Respublikasının “Şücaətə görə” medalına layiq görülüb.

Nazir medalı şəhidin atası Vaqif Məmmədova təqdim edib. Şəhid atası Azərbaycan dövlətinin, şəxsən Prezident və Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını daim hiss etdiklərini bildirib və oğlu ilə qürur duyduğunu vurğulayıb. O, çıxışını “Vətən sağ olsun” sözləri ilə bitirib.

Z.Həsənov ötən ilin aprel döyüşlərində şəhid olmuş pilot, “Azərbaycan Bayrağı” ordenli, Dmanisi rayonunun Yanıqlı kəndindən olan Təbriz Musazadənin əmisi Vaqif Musazadəyə Müdafiə Nazirliyinin xatirə hədiyyəsini verib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş