Zakir Həsənov Latviyanın Azərbaycandakı səfirini qəbul edib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovsini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, görüşdə müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Nazir hər iki ölkə arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, iqtisadi əməkdaşlığın yüksələn templə inkişaf etdiyini vurğulayıb. Bu əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu deyən general-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Latviya birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Həmçinin, Ermənistan tərəfindən torpaqların işğalını qeyri-qanuni sayır və qəti şəkildə pisləyir.

Çıxışında, qoşunların təmas xəttində yaranmış son hadisələrə də toxunan müdafiə naziri Ermənistanın regionda sabitliyə əsas təhlükə yaratdığını, münaqişənin beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Müdafiə naziri diplomatın Azərbaycanda səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra, səfir Y. Maklakovsi də öz növbəsində hər iki ölkə arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu vurğulayıb.

Bundan başqa, Azərbaycanla Latviya arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu vurğulayan Y. Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Sonra, görüşdə Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş