Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının yeni təyin edilmiş katibi general-mayor Yuri Daşkin ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə MN-nin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri Y. Daşkinə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, hazırkı vəziyyət barədə məlumat verib. General-polkovnik Z.Həsənov Ermənistan Silahlı Qüvvələri  tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb.

Beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq erməni işğalı altında olduğunu və bunun nəticəsində bir milyondan çox vətəndaşın didərgin düşdüyünü bildirən müdafiə naziri danışıqlar prosesinin nəticəsiz qaldığını deyib. Bundan başqa, MDB-nin üzvü olan ölkələrlə hərbi sahədə əlaqələrə toxunan general-polkovnik Z.Həsənov bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün perspektivlərin mövcudluğunu bildirib.

MDB Müdafiə Nazirləri Şurası üzv ölkələrin nazirləri ilə görüşləri çərçivəsində ilk səfərin məhz Azərbaycana olduğunu deyən Y.Daşkin Birliyin ölkələri arasında hərbi sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş