Zakir Həsənov Türkiyə HDQ komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Nazir bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətləri müzakirə olunub. Tərəflər döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə ekspert qrupları və hərbi mütəxəssislərin qarşılıqlı səfərləri, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin inkişafının vacibliyini xüsusi qeyd ediblər.

Azərbaycana səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş