Zakir Həsənov Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb

İyunun 12-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunları komandanı, ordu generalı Salih Zeki Çolak ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Z. Həsənov Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişlənərək inkişaf etdiyini xüsusi vurğulayıb.

Azərbaycana növbəti dəfə səfərindən məmnunluq hissi ilə danışan ordu generalı S.Çolak Naxçıvanda keçirilən birgə taktiki təlimlərin əhəmiyyətini qeyd edərək dövlət əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı olduğunu bildirib.

Sonra regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də təcrübə mübadiləsi məqsədilə mütəxəssis heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, müxtəlif qoşun növlərinin iştirakı ilə hər iki ölkədə hərbi təlimlərin keçirilməsi və digər maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Quru Qoşunları komandanı, ordu generalı S.Çolak Azərbaycan “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş