Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi ilə görüşüb

İyunun 13-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral Hayati Bilgiçlə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri ikitərəfli əlaqələrin möhkəmlənməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi və təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq Türkiyə ilə hərbi tibb sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycana səfərindən şərəf duyduğunu bildirən kontr-admiral H.Bilgiç hər iki dövlət arasında bütün istiqamətlərdə olduğu kimi hərbi tibb sahəsində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim inkişaf etdiyini vurğulayıb.

Sonra tərəflər Azərbaycan və Türkiyənin hərbi təbabət sahəsində inkişaf perspektivləri, təcrübə mübadiləsi məqsədilə tibb mütəxəssislərinin qarşılıqlı səfərlərinin və müxtəlif kursların təşkili, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş