Zakir Həsənov Litvada NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub

Litvada rəsmi səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 2-də bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Litva Hərbi Məktəbini ziyarət edən Zakir Həsənov təhsil müəssisəsi ilə tanışlıqdan sonra keçirilən görüşdə ölkələrimizin hərbi təhsil sahəsində əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük imkanların olması, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi, müxtəlif mövzularda seminarların, kursların və digər tədbirlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıb.

Sonra müdafiə naziri NATO Enerji Təhlükəsizliyi Mərkəzində olub.

Müdafiə nazirinə mərkəzin təyinatı, məqsədi, fəaliyyəti, enerji təhlükəsizliyi sahəsində keçirilən tədbirlər, planlaşdırılan işlər barədə ətraflı məlumat verilib.

Z. Həsənov beynəlxalq sülhyaratma əməliyyatlarına Azərbaycanın dəstəyini, ölkəmizin hər zaman terrora və separatizmə qarşı qəti mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Hər iki görüşdə ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi mövzusu müzakirə edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş