Zakir Həsənov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri Komandanını qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələri komandanı ordu generalı Akın Öztürkü qəbul edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

A.Öztürkün Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Protokola uyğun olaraq Hərbi Hava Qüvvələri Komandanı Şərəf Kitabına ürək sözlərini yazıb.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanla Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlıq planına əsasən keçən il Azərbaycanda, hazırda isə Türkiyədə keçirilən Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin təcrübə toplanılması baxımından mühüm olduğunu qeyd edərək bu sahədə əlaqələrin daha da genişləndirilməsini xüsusi vurğulayıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri, Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həllinə nail olunmasının vacibliyini bildirib.

Ordu generalı A.Öztürk də öz növbəsində dövlətlərin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş